Parket növləri və üstünlükləri

Parket təbii ağacdan hazırlanan döşəmə örtüyüdür və ən keyfiyyətli, estetik və uzunömürlü döşəmə materiallarından biri hesab olunur. Parket döşəmə həm evlərdə, həm ofislərdə, həm də müxtəlif interyer dizaynlarında geniş istifadə olunur. Təbii ağacdan hazırlandığı üçün parket ekoloji cəhətdən təmiz, sağlamlıq üçün təhlükəsiz və uzun müddət istifadə edilə bilən döşəmə örtüyüdür. Parketin istehsalında əsasən palıd, qoz ağacı, göyrüş, fisdiq, vələs, qirmizi palıd, merbau, iroko,sapelli, venge və s. kimi möhkəm ağac növlərindən istifadə olunur. Ən keyfiyyətli və davamlı parket növlərindən biri palıd ağacından hazırlanmış parketdir. Palıd ağacı möhkəmliyi, aşınmaya davamlılığı və gözəl teksturası ilə seçilir.

Parketin tarixi

Parket ilk dəfə XIII–XIV əsrlərdə Avropada istifadə olunmağa başlanmışdır. O dövrdə parket əsasən zadəganların və varlı insanların evlərində döşənirdi. Orta əsrlərdə parket sarayların və dəbdəbəli evlərin ayrılmaz hissəsinə çevrilmişdir. O dövrdə palıd taxtalarından hazırlanmış parket hissələri müxtəlif naxışlarla düzülürdü və ən məşhur döşəmə forması “yolka” (çınağı) dizaynı idi.

Parketin əsas üstünlükləri

Parket döşəmənin bir çox üstünlükləri vardır: • Aşağı istilik keçiriciliyi – parket döşəmə otaqda istiliyi daha yaxşı saxlayır • Uzunömürlü materialdır – düzgün qulluqla onilliklərlə istifadə edilə bilər • Yüksək səs izolyasiyası yaradır • Estetik və dəbli görünüş təmin edir • Müxtəlif naxış və dizaynlarla döşəmək mümkündür • Peşəkar quraşdırma zamanı sürüşmə və səs problemi olmur Zaman keçdikcə günəş işığının təsiri ilə parketin rəngi bir qədər dəyişə bilər və bəzi parket növləri illər keçdikcə daha da möhkəmlənir.

Parketin çatışmazlıqları

Digər döşəmə materialları kimi parketin də bəzi çatışmazlıqları var: • Quraşdırılması mürəkkəb və vaxt aparan prosesdir • Rütubət və temperatur dəyişikliklərinə həssasdır • Digər döşəmə materialları ilə müqayisədə qiyməti daha yüksəkdir

Parket növləri

Parket bazarında müxtəlif parket növləri mövcuddur:

Dənəvari parket

Dənəvari parket ən klassik parket növlərindən biridir. Bu parket kiçik düzbucaqlı taxta hissələrdən ibarət olur və onlar bir-birinə xüsusi paz və dil sistemi ilə birləşdirilir. Dənəvari parketin əsas üstünlüyü ondan ibarətdir ki, onunla döşəmədə müxtəlif dizayn və naxışlar yaratmaq mümkündür. Bu parket həm yapışqan, həm də mismar vasitəsilə quraşdırıla bilər. Dənəvari parket uzunömürlü, aşınmaya davamlı və təmir edilə bilən döşəmə növüdür.

Massiv parket

Massiv parket böyük ölçülü ağac lövhələrdən hazırlanır.Dənəvari parketdən əsas fərqi ölçülərinin böyük olmasıdır. Massiv parketin uzunluğu adətən 400–500 mm və daha çox olur. Bu parket növünün istehsalında daha çox ağac sərf olunduğu üçün dənəvari parketdən daha bahalıdır. Massiv parket bir qayda olaraq yapışqan vasitəsilə quraşdırılır, faner əsas üzərinə quraşdırılması tövsiyə olunur. Yapışqanın tərkibində su, həlledici olmamalıdır. Bir və ya iki komponentli reaktiv kleylər istifadə olunmalıdır. Üst örtüyünə görə massiv parketlər 2 yerə ayrılır;

  • Hazır massiv parketlər
  • Hazır olmayan massiv parketlər (Hazır massiv parketlər yağ örtüklü və ya lak örtüklü olur.)

Çoxqatlı parket lövhəsi

Çoxqatlı parket - faner üzərində qiymətli ağac, iki və ya üç qatlı ağacdan hazırlana bilər. Üçqatlı parket lövhəsi üç qat ağacdan hazırlanır və hər qat əvvəlkinə perpendikulyar istiqamətdə yerləşdirilir. Bu texnologiya parketin rütubətə və temperatur dəyişikliklərinə daha davamlı olmasını təmin edir. Buna görə də çoxqatlı parket döşəməaltı isitmə sisteminə uyğundur. • Aşağı qatlar iynəyarpaqlı ağaclardan hazırlanır (şam, küknar və s.). • Üst qat isə parketə adını verən qiymətli ağac növündən hazırlanmış dekorativ səthdir. Çoxqatlı parket üst qatda istifadə olunan ağacın qalınlığından asılı olaraq 3 dəfəyə qədər cilalanıb laklana bilər ki, bu da parketin uzun illər istifadə olunmasına imkan verir. Bu parket növü quraşdırılması asan və daha sərfəli hesab olunur. Bir çox çoxqatlı parket növləri kilid (click) sistemlə təchiz olunmuşdur ki, bu da onların üzən sistemlə döşənməsinə imkan verir. Düz birləşmə ilə təchiz olunmuş çoxqatlı parketlər isə yalnız yapışqan istifadə edilərək quraşdırılmalıdır.

Laminat

Laminat bəzən laminat parket adlandırılır, lakin o tam olaraq parket deyil. Laminat ağac liflərinin sıxılaraq hazırlanmış plitələrindən ibarət olur və üzəri ağacı imitasiya edən dekorativ qatla örtülür. Müasir laminat döşəmələr: • rütubətə daha davamlıdır • zədələrə qarşı daha dayanıqlıdır • quraşdırılması daha asandır • qiyməti çox daha münasıbdir

Parketin qiymətinə təsir edən amillər

• Ağac növü (Parket istehsalında istifadə olunan ağac növü qiymətə birbaşa təsir edir. Məsələn, qoz ağacından olan parket palid parketdən daha bahadır) • Qalınlıq (Parketin qalınlığı artdıqca qiymət artır) • Üst örtüyü (Lak,təbii yağ, UB yağ və s. • İstehsal metodu (Fabrik və ya əl istehsalı olmasında asılı olaraq parketin qiyməti dəyişir. Fabrik istehsalında məhsullar seriya halında sürətlə, standart formada istehsal olunur, maya dəyəri aşağı olur. Əl istehsalında isə parketlər tək- tək usta əlindən keçərək, xususi diqqətlə istehsal olunur, maya dəyəri yüksək olur.) Bu gün döşəmə üçün çoxsaylı materiallar mövcud olsa da, təbii ağacdan hazirlanan parket hələ də ən prestijli və uzunömürlü döşəmə materiallarından biri hesab olunur. Parket interyerə təbii gözəllik, istilik və komfort bəxş edir və hər zaman dəbdə qalır.

Parket seçimini neçə etmək olar?

Düzgün parket seçimi evin və ya ofisin rahatlığı, döşəmənin davamlılığı və interyerin görünüşü üçün çox vacibdir. Parket seçərkən bir neçə əsas məqama diqqət etmək lazımdır.

1. Ağac növünü düzgün seçin

Parketin keyfiyyəti əsasən istifadə olunan ağac növündən asılıdır. Ən çox istifadə olunan ağac növləri: • Palıd – ən möhkəm və uzunömürlü parket növlərindən biridir. • Merbau – ekzotik ağaçdır, möhkəmliyi, sıxlığı və sərtliyinə görə palıda yaxındır. Qırmızı ağacdır və sarı çilləri vardır. • Qoz ağacı – daha premium və dekorativ görünüş verir. Əgər uzun müddət istifadə etmək istəyirsinizsə, palıd parketi ən yaxşı seçimlərdən biridir.

2. Parketin növünü müəyyən edin

Məkanın istifadəsinə görə parket növü seçmək lazımdır. Əsas parket növləri: • Dənəvari parket – klassik və çox davamlıdır. • Massiv parket – tam təbii ağacdan hazırlanır və premium hesab olunur. • Çoxqatlı parket – quraşdırılması asan və rütubətə, temperatur dəyişikliyinə daha davamlıdır. Döşəməaltı isitmə sisteminə uyğundur.

3. Otağın təyinatını nəzərə alın

Parket seçərkən otağın istifadə məqsədi də vacibdir. Məsələn: • Qonaq otağı – dekorativ və keyfiyyətli parket • Yataq otağı – daha isti tonlu parket • Ofis və ya intensiv istifadə olunan sahələr – daha möhkəm parket

4. Rəng və dizayn seçimi

Parketin rəngi interyer dizaynına uyğun olmalıdır. • Açıq rəngli parketlər otağı daha geniş göstərir • Tünd rəngli parketlər interyerə daha premium görünüş verir

5. Parketin qalınlığı və keyfiyyəti

Keyfiyyətli parketin qalınlığı və üst qatının keyfiyyəti onun uzunömürlü olmasına təsir edir. Yüksək keyfiyyətli parket daha az aşınır və daha uzun müddət istifadə olunur.

6. Peşəkar quraşdırma

Parketin uzun müddət problemsiz istifadə olunması üçün peşəkar quraşdırma çox vacibdir. Düzgün döşənməyən parket zamanla səs verə, boşluqlar yarada və zədələnə bilər.

Parket seçərkən ağac növü, parketin tipi, otağın istifadəsi, dizayn və quraşdırma keyfiyyəti mütləq nəzərə alınmalıdır. Düzgün seçilmiş parket həm uzunömürlü olur, həm də interyerə xüsusi gözəllik verir.